Bizi izlə:
Facebook Instagram Linkedin Tiktok
clock İş saatları:

10:00 - 18:00

phone Yardım xətti: +994 50 836-44-99

10:00 - 18:00

cover

Giriş

ABŞ dünyanın ən prestijli universitetlərinə sahib olan və beynəlxalq tələbələr üçün geniş imkanlar təqdim edən ölkələrdən biridir. Hər il minlərlə tələbə dünyanın ən yaxşı ali təhsil müəssisələrində oxumaq, qlobal şəbəkələr qurmaq və gələcək karyeralarına böyük addım atmaq üçün ABŞ universitetlərinə müraciət edir.

Lakin xaricdə təhsil almağı planlaşdıran tələbələrin çoxu qəbul şərtləri, təqaüd imkanları, yaşayış xərcləri, iş icazələri və viza qaydaları ilə bağlı suallarla qarşılaşır. "ABŞ-də oxumaq üçün hansı sənədlər lazımdır?", "Hansı universitetlər daha çox təqaüd təklif edir?", "Tələbə vizası almaq çətindirmi?" və s. kimi suallar tələbələrin ən çox araşdırdığı mövzular arasındadır.

Bu yazıda ABŞ-də təhsil haqqında ən çox verilən suallara cavab tapacaq, müraciət prosesindən yaşayış xərclərinə qədər hər şeyi öyrənəcəksiniz. Əgər siz də ABŞ-də təhsil almağı planlaşdırırsınızsa, bütün detalları nəzərdən keçirmək üçün yazımızı diqqətlə oxuyun! 

ABŞ universitetlərinə qəbul olmaq üçün əsas tələblər nələrdir?

 

ABŞ universitetlərinə müraciət edən tələbələr müxtəlif sənədlər və akademik göstəricilər təqdim etməlidirlər. Bakalavr və magistr proqramları üçün əsas tələblər fərqlidir. Bakalavr üçün:

  • Orta məktəb diplomu və akademik transkriptlər (GPA 3.0 və ya daha yüksək olması tövsiyə edilir, Azərbaycan təhsul sistemi ilə 80+)  
  • İngilis dili biliyini təsdiq edən sənəd (TOEFL, IELTS və ya Duolingo). Əsasən minimum 5 və ya 5.5 IELTS tələb olunur. 
  • SAT və ya ACT imtahanı (bəzi universitetlər tələb edir)
  • Motivasiya məktubu və referans məktubları (2-3 tövsiyə məktubu) tələb olunur. 

Magistr və doktorantura üçün:

  • Bakalavr diplomu və transkriptlər
  • GRE/GMAT nəticələri (bəzən tələb olunur)
  • Tədqiqat planı və akademik CV tələb olunur.

Lakin qeyd edək ki, hər universitetin tələbləri fərqli ola bilər. Bu səbəbdən tələb olunan sənədləri rəsmi saytlardan yoxlamaq mütləqdir. 

ABŞ universitetlərinə müraciət prosesi necədir?

ABŞ universitetlərinə müraciət prosesi adətən 9-12 ay əvvəldən başlanmalıdır. Hər universitetin öz müraciət qaydaları olsa da, əsas addımlar aşağıdakılardır:

  1. Universitet və proqram seçimi. Təhsil almaq istədiyiniz ixtisas üzrə uyğun universitetləri araşdırın.
  2. Lazımi sənədlərin hazırlanması. TOEFL/IELTS, GRE/GMAT, akademik transkriptlər, motivasiya məktubu və referans məktublarınızı toplayın.
  3. Müraciət formasını doldurmaq. Bakalavr üçün Common App, magistr və doktorantura üçün isə hər universitetin öz portalı vasitəsilə müraciət edilir.
  4. Maliyyə yardımı üçün müraciət etmək. Təqaüdlər, maliyyə yardımları və tədqiqat qrantları barədə araşdırma aparın.
  5. Qəbul aldıqdan sonra viza üçün müraciət etmək – ABŞ səfirliyində F-1 tələbə vizası üçün görüş təyin edin.

Amerikada universitetə müraciət zamanı bir deyil, bir neçə universitetə müraciət etmək qəbul şansınızı artırırı. Odur ki, daha əvvəldən oxumaq istədiyiniz universitetləri təyin edib hər birinə müraciət edin.

Dövlət və özəl universitetlər arasındakı fərqlər nələrdir?

Amerikada dövlət universitetləri hökumət tərəfindən maliyyələşdirilir, təhsil haqları daha ucuzdur. Bu universitetlərdə beynəlxalq tələbələr üçün təhsil haqqı ştat daxili tələbələrə nisbətən daha yüksək olur. Tələbə sayı çoxdur, dərslər böyük qruplarda keçirilir. Daha çox yerli tələbəyə yönəlib, təqaüd imkanları məhduddur.

Amerikada özəl universitetlərdə təhsil haqları daha yüksəkdir, ancaq daha çox təqaüd imkanı mövcuddur. Bu universitetlərdə tələbə sayı azdır, fərdi yanaşma daha güclüdür. Həmçinin daha çox beynəlxalq tələbə qəbul edirlər. Akademik keyfiyyət və məzun şəbəkəsi daha güclüdür.

 

ABŞ-də Community Colleges nədir?

Community Colleges ABŞ-də 2 illik ali təhsil verən institutlardır və əsasən bakalavr təhsilinin ilk mərhələsini təşkil edir. Əsas xüsusiyyətləri isə aşağıdakılardır:

  1. 2 illik "Associate Degree" proqramları təqdim edirlər.
  2. Daha aşağı təhsil haqqı ($5,000 - $15,000) və yerli tələbələr üçün daha əlverişlidir.
  3. Universitetlərə keçid imkanı ("2+2 sistemi"). Tələbələr ilk iki ili topluluk kollecdə oxuyub, sonra dövlət və ya özəl universitetə keçə bilərlər.
  4. Tələbələrin praktik bacarıqlar əldə etməsinə yönəlib.
  5. ESL (English as a Second Language) proqramları və iş yönümlü sertifikat kursları təqdim edir.

Community Colleges beynəlxalq tələbələr üçün həm xərcləri azaltmaq, həm də ABŞ universitetlərinə keçid üçün əla fürsətdir! 

ABŞ-də oxuyaraq işləmək mümkündür?

ABŞ-də tələbələr üçün işləmək imkanları var, lakin bəzi qaydalara riayət olunmalıdır. Bu işlər aşağıdakı kimi kateqoriyaya bölünür:

  • Kampus Daxili İşlər (On-Campus Work)
  • CPT (Curricular Practical Training) – Təcrübə proqramları
  • OPT (Optional Practical Training) – təhsildən sonra iş imkanı

Kampus Daxili İşlər (On-Campus Work). F-1 vizalı tələbələr həftədə 20 saat işləyə bilər (yalnız universitet daxilində).

CPT (Curricular Practical Training) – təcrübə proqramları. Təhsil müddətində işləməyə icazə verir. Universitetin təsdiqlədiyi ixtisasla əlaqəli praktiki təcrübələrdə iştirak etməyə imkan yaradır.

OPT (Optional Practical Training) – təhsildən sonra iş imkanı. Təhsil bitdikdən sonra ABŞ-da 12-36 ay işləməyə icazə verir. STEM ixtisasları üçün əlavə 24 ay OPT uzadıla bilər.

Qeyd edək ki, OPT və CPT vasitəsilə tələbələr təhsil aldıqları müddətdə real iş təcrübəsi qazana bilərlər.

ABŞ-də tələbələr üçün tibbi sığorta məcburidirmi?

Bəli, ABŞ-də beynəlxalq tələbələr üçün tibbi sığorta adətən məcburidir. Çünki Amerikada tibbi xidmət çox bahalıdır və tələbələr tibbi xərcləri ödəyə bilmək üçün sığortaya ehtiyac duyurlar.

Tələbələr üçün universitet tərəfindən təklif edilən və ya şəxsi sığorta şirkətlərindən alınan fərdi tibbi sığorta xəstəxana, təcili yardım, həkim müayinələri və bəzi dərmanların ödənişi kimi yarana biləcək xərcləri qarşılayır. 

Tibbi sığortanın illik xidmət haqqı təxminən 1000 - 3000 ABŞ dolları təşkil edir. Bu, universitet və ştata görə dəyişir. 

Universitetin sığorta planını seçmədən əvvəl, daha sərfəli alternativlər olub-olmadığını araşdırın.

ABŞ-də yaşayış xərcləri nə qədərdir?

ABŞ-də yaşayış xərcləri yaşadığınız şəhər və ştata görə dəyişir. Yaşayış xərcləri dedikdə kirayə və ya yataqxana xərcləri, yemək, nəqliyyat, tibbi sığorta, dərs ləvazimatları gündəlik xərclər nəzərdə tutulur.

Amerikada daha sərfəli ştatlar Texas, Florida və Arizonadır ki, burada aylıq yaşam xərci ortalama olaraq 1000-1500 ABŞ dollarıdır. Şəhərlər isə bahalı və orta səviyyəli olaraq bölünür. Bahalı şəhərlərdə, yəni New York, San Francisco, Bostonda aylıq orta yaşayış xərci 2500-4000 ABŞ dollardır. Orta səviyyəli şəhərlərdə, yəni Chicago, Austin, Seattle kimi şəhərlərdə isə yaşam xərci aylıq ortalama 1500-2500 ABŞ dollardır. Əsas fərq ondan ibarətdir ki,  kiçik şəhərlərdə kirayə və nəqliyyat daha ucuzdur. Böyük şəhərlərdə isə yataqxana xərcləri yüksəkdir, amma daha çox iş imkanı var. Buna görə də Amerikada daha sərfəli yaşamaq üçün evi paylaşmaq və toplu nəqliyyatdan istifadə etmək tövsiyə olunur. 

ABŞ-də yataqxanada qalmaq və ya kirayə ev tutmaq daha sərfəlidirmi?

ABŞ-də tələbələr həm yataqxanada qala, həm də kirayə ev tuta bilərlər. Yataqxanalar kampus daxilində yerləşdiyi üçün tələbələr nəqliyyat xərclərinə qənaət edə edəcəklər. Bu yaşayış növü adətən qidalanma və kommunal xidmətləri əhatə etdiyi üçün əlavə xərc tələb etmir. Bundan əlavə, yataqxanada qalmaq sosial mühitin formalaşmasına kömək edir və tələbələrin yeni dostlar qazanmasını asanlaşdırır. Yataqxanaların illik ödənişi təxminən 8000-15000 ABŞ dolları arasında dəyişir.

Kirayə ev tutmaq isə tələbələrə daha çox azadlıq və müstəqillik verir. Xüsusilə bir neçə nəfərlə birgə ev kirayələyən tələbələr üçün bu seçim daha sərfəli ola bilər. Bununla yanaşı, kirayə evdə qalan tələbələr öz yeməklərini özləri hazırlamalı və digər yaşayış xərclərini planlaşdırmalı olurlar. Kirayə qiymətləri şəhərə və mənzilin yerləşdiyi bölgəyə görə dəyişsə də, aylıq ödənişlər təxminən 800-2500 ABŞ dolları arasında dəyişir. 

Qeyd edək ki, tələbə adını yeni qazananlar üçün yataqxana daha rahatdır, amma uzunmüddətli perspektivdə kirayə ev tutmaq daha sərfəli ola bilər! 

Amerikada hansı universitetlər beynəlxalq tələbələr üçün daha çox təqaüd təklif edir?

ABŞ-də bir çox universitet beynəlxalq tələbələr üçün təqaüdlər təqdim edir. Lakin təqaüd almaq üçün akademik göstəricilər, liderlik bacarıqları və maliyyə ehtiyacı nəzərə alınır. Ən çox təqaüd verən universitetlər isə bunlardır:

  • Harvard University – Ehtiyac əsaslı tam təqaüd (yeni qayda ilə illik 200,000 $-dan aşağı qazancı olan ailələrə tam təqaüd verilir).
  • Yale University – Beynəlxalq tələbələr üçün geniş maliyyə yardımları.
  • Stanford University – Merit-based və ehtiyac əsaslı təqaüdlər.
  • MIT (Massachusetts Institute of Technology) – Akademik uğurları yüksək olan tələbələr üçün tam təqaüd imkanları (yeni qayda ilə illik 200,000 $-dan aşağı qazancı olan ailələrə tam təqaüd verilir)
  • University of Chicago – Fulbright, merit-based və xüsusi fond təqaüdləri təqdim edir.

Unutmayın ki, təqaüd almaq üçün universitetlərin rəsmi səhifələrindəki "Financial Aid" və "Scholarships" bölmələrini yoxlamaq lazımdır. 

ABŞ-də ən prestijli universitetlər hansılardır?

ABŞ-də ən prestijli universitetin siyahısına Ivy League və digər top universitetlər daxildir. Bu universitetlər beynəlxalq səviyyədə akademik üstünlüyü və məzunlarının uğurları ilə tanınır.

Ivy League Universitetləri bunlardır:

  • Harvard University – Dünyanın ən nüfuzlu universitetlərindən biri.
  • Yale University – Güclü akademik proqramlar və hüquq fakültəsi ilə məşhur.
  • Princeton University – Tədqiqat sahəsində güclü mövqeyə malikdir.
  • Columbia University – New Yorkda yerləşən qlobal təsirə malik universitet.

Digər top universitetlər isə bunlardır:

  • MIT (Massachusetts Institute of Technology) – STEM və texnologiya sahəsində liderdir.
  • Stanford University – Silikon Vadisi ilə yaxın əlaqəsi var.
  • Caltech (California Institute of Technology) – Fizika və mühəndislik sahəsində prestijli universitetdir.

Bu universitetlərə qəbul olmaq üçün yüksək GPA, güclü motivasiya məktubu və tövsiyə məktubları tələb olunur! 

ABŞ-də ixtisas dəyişdirmək mümkündürmü?

Bəli, Amerikada təhsil alarkən ixtisas dəyişmək mümkündür. ABŞ universitetləri çevik akademik sistemə malikdir və tələbələr təhsil müddətində ixtisaslarını dəyişə bilərlər. Bakalavr təhsili zamanı ixtisası dəyişmək daha asandır. Həmçinin "Undeclared Major" olan tələbələr ilk iki ildə ixtisaslarını seçməyə vaxt tapa bilirlər. Hətta Amerikada magistr və doktorantura səviyyəsində bəzi proqramlar var ki, həmin proqramlar müxtəlif akademik sahələrdən tələbə qəbul edir. Bəzi universitetlərdə ilk il tələbələrə şans verilir. İlk ilin sonunda ixtisasa qərar verib davam edirlər. 

İxtisas dəyişərkən diqqət edilməli olan məqamlar var. Nəzərinizdə olsun ki, ixtisas dəyişmək əlavə fənlər oxumağı tələb edə bilər. STEM sahəsindən humanitar sahəyə keçmək daha asandır, əksinə olarsa, əlavə hazırlıq kursları tələb olunur.

 

Müraciət formu

Səyahətinizə bu gün başlayın! Formu doldurun, mütəxəssislərimizlə əlaqə saxlayın və akademik və karyera hədəflərinizə doğru ilk addımı atın.

Form background Form person

Bizimlə Əlaqə

Xaricdə təhsil ilə bağlı məsləhətə ehtiyacınız var? Peşəkar konsultantlarımız sizə kömək etməyə hazırdır! Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Phone

Zəng edin

+994 50 836-44-99
Mail

E-mail yazın

[email protected]
Location

Ünvana gəlin

Ağ Şəhər, İlqar Mirzəyev 6, Park Place ofis mərkəzi 2-ci mərtəbə.