
Giriş
F-1 vizası ABŞ-də beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş tələbə vizasıdır. Bu viza sahibləri tam zamanlı təhsil almaqla yanaşı, məhdud şəkildə işləyə və bəzi hallarda təcrübə proqramlarında iştirak edə bilərlər. F-1 vizası üçün əsas tələbələrə rəsmi qəbul məktubu, I-20 forması və maliyyə təminat sənədləri daxildir. Vizanın etibarlılığı təhsil müddətinə əsaslanır və tələbələr məzun olduqdan sonra müəyyən şərtlərlə ABŞ-da qalıb işləyə bilərlər. Düzgün hazırlanmış sənədlər və uğurlu viza müsahibəsi F-1 vizası almaq üçün əsas faktorlardır.
- Addım #1: Giriş
- Addım #2: F-1 Vizası Nədir?
- Addım #3: F-1 Vizası üçün hansı sənədlər lazımdır?
- Addım #4: F-1 Vizası üçün müsahibəyə hazırlıq necə olmalıdır?
- Addım #5: F-1 Vizası ilə Amerikada işləmək olur?
- Addım #6: F-1 vizası ilə Amerikada uzunmüddətli qalmaq olur?
- Addım #7: F-1 Vizası üçün ən çox verilən suallar
F-1 Vizası Nədir?
F-1 vizası beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş qeyri-immiqrant viza növüdür və onların ABŞ-də akkreditə olunmuş ali təhsil müəssisələrində və ya dil proqramlarında tam zamanlı təhsil almalarına imkan yaradır. Bu viza ABŞ hökuməti tərəfindən yalnız təhsil məqsədi ilə verilir və tələbələrə ölkədə müəyyən müddət ərzində qalmaq hüququ tanıyır.
F-1 vizası olan tələbələr əsasən universitetlərdə, kolleclərdə, peşə məktəblərində və ingilis dili kurslarında iştirak edə bilərlər. Bu viza tələbənin yalnız təhsil məqsədilə ABŞ-də olmasını nəzərdə tutur və onlara məhdud şəkildə işləmək hüququ verir. F-1 statusu tələbənin təhsil müddətində qüvvədə qalır və məzuniyyətdən sonra müəyyən müddət ərzində ölkədə qalmağa icazə verir.
ABŞ-də F-1 vizası ilə təhsil almaq tələbələrə yüksək keyfiyyətli akademik mühitdən yararlanmaq, qlobal şəbəkə qurmaq və gələcək karyeraları üçün dəyərli təcrübə qazanmaq imkanı təqdim edir. Bu viza təhsil müddəti bitdikdən sonra məzunlara müəyyən iş imkanları ilə ABŞ-də qalmaq üçün əlavə fürsətlər də yarada bilər.
F-1 Vizası üçün hansı sənədlər lazımdır?
F-1 vizası üçün müraciət edərkən bir sıra rəsmi sənədlər təqdim edilməlidir. Bu sənədlər tələbənin qəbul olunduğunu, maliyyə imkanlarını və vizanın şərtlərinə uyğunluğunu sübut etməyə xidmət edir.
Qəbul Məktubu (Acceptance Letter). Vizaya müraciət etmək üçün tələbə ABŞ-də akkreditə olunmuş bir universitet, kollec və ya dil məktəbinə qəbul olmalıdır. Təhsil müəssisəsi qəbulun təsdiqi kimi tələbəyə rəsmi qəbul məktubu təqdim edir. Bu məktubda tələbənin hansı proqramda oxuyacağı, təqaüd məlumatı və tədris planı haqqında məlumat verilir.
I-20 Forması (Certificate of Eligibility for Nonimmigrant Student Status). F-1 vizası üçün əsas sənədlərdən biri I-20 formasıdır. Bu sənəd ABŞ universiteti və ya təhsil müəssisəsi tərəfindən verilir və tələbənin SEVIS (Student and Exchange Visitor Information System) sisteminə qeydiyyata alındığını təsdiq edir. I-20 forması olmadan F-1 vizasına müraciət etmək mümkün deyil.
SEVIS Ödənişi və Qəbz (SEVIS I-901 Fee Payment Receipt). F-1 vizası almaq üçün tələbələr SEVIS haqqını (I-901) ödəməlidirlər. SEVIS ödənişinin edildiyini təsdiq edən qəbz viza müsahibəsi zamanı tələb olunur.
DS-160 Forması (Online Nonimmigrant Visa Application). Tələbələr ABŞ səfirliyində viza görüşünə getməzdən əvvəl DS-160 adlı elektron ərizə formasını doldurmalıdırlar. Bu formanın təsdiq edilmiş versiyası və barkod səhifəsi müsahibə zamanı təqdim edilməlidir.
Pasport. Pasportun minimum 6 ay etibarlılığı olmalıdır. Tələbənin vizası təsdiqləndikdən sonra pasportda F-1 vizası möhürlənir.
Maliyyə vəziyyətini sübut edən sənədlər. Tələbənin təhsil və yaşayış xərclərini qarşılayacaq qədər maliyyə vəsaiti olduğunu göstərən sənəd tələb olunur. Əgər tələbənin təhsil xərclərini ailə üzvü və ya başqa bir sponsor ödəyirsə, maliyyə dəstəyi haqqında rəsmi məktub təqdim olunmalıdır. Əgər təqaüd üçün başqa bir sənəd verilibsə, o da təqdim olunmalıdır.
Viza müsahibəsi üçün rəsmi sənədlər. ABŞ səfirliyində müsahibə üçün təyin olunmuş görüşün təsdiqlənmiş qəbzi təqdim edilməlidir. Həmçinin əgər olubsa, əvvəlki vizalar və ABŞ səyahət tarixçəsi tələb olunacaqdır.
F-1 Vizası üçün müsahibəyə hazırlıq necə olmalıdır?
F-1 vizası üçün ABŞ səfirliyində keçirilən müsahibə tələbənin viza alma prosesində ən vacib mərhələlərdən biridir. Müsahibə zamanı konsul tələbənin təhsil planlarını, maliyyə imkanlarını və ABŞ-ə səfər məqsədini qiymətləndirir. Uğurlu nəticə əldə etmək üçün tələbələr həm sənədlərini düzgün hazırlamalı, həm də veriləcək suallara inamla cavab verməlidirlər.
Müsahibəyə Gətirilməli Olan Sənədlər: Müsahibəyə gedərkən aşağıdakı sənədləri hazırlamaq vacibdir:
- Etibarlı pasport (minimum 6 ay etibarlılığı olmalıdır)
- DS-160 forması təsdiq səhifəsi
- I-20 forması (təhsil müəssisəsi tərəfindən verilən sənəd)
- SEVIS ödəniş qəbzi
- Qəbul məktubu (Acceptance Letter)
- Maliyyə sənədləri (Bank arayışı, sponsor məktubu, təqaüd sənədləri)
- Təhsil sənədləri (Orta məktəb və ya universitet transkriptləri, diplomlar)
Bu sənədlər viza müsahibəsi zamanı tələbənin statusunu və maliyyə imkanlarını təsdiq edir.
F-1 vizası üçün müsahibədə verilən suallar
Viza müsahibəsində konsul əsasən aşağıdakı sualları verə bilər:
- Niyə məhz bu universiteti seçmisiniz?
- Hansı sahədə təhsil almağı planlaşdırırsınız
- Təhsiliniz bitdikdən sonra nə etməyi planlaşdırırsınız?
- Təhsil xərclərinizi necə ödəyəcəksiniz?
- ABŞ-də qohumlarınız və ya dostlarınız varmı?
- Gələcəkdə ABŞ-də qalmağı planlaşdırırsınızmı?
Suallara dəqiq və qısa şəkildə cavab vermək tövsiyə olunur.
Bütün bunlarla yanaşı müsahibə zamanı özünüzə əmin olun. Cavablarınızda tərəddüd etməyin və konsulun suallarına aydın şəkildə cavab verin. Həmçinin rəsmi və səliqəli geyim seçmək vacibdir. Müsahibə zamanı təhsil planlarınızı yaxşı izah edin. Belə ki, konsulu ABŞ-də təhsil almaq məqsədinizə inandırmalısınız. Həmçinin konsul təhsilin sonunda ölkəyə geri qayıdacağınıza inanmalıdır. Bu qayıdışın səbəbi ailəniz, işləriniz və digər əsaslı səbəblər ola bilər.
F-1 Vizası ilə Amerikada işləmək olur?
ABŞ hökuməti F-1 tələbə vizası sahiblərinə müəyyən şərtlər çərçivəsində işləməyə icazə verir. Lakin bu qaydalar tələbələrin əsas məqsədinin təhsil olduğunu vurğulayır və onların tam zamanlı işlərdə işləməsinə ciddi məhdudiyyətlər qoyur. F-1 vizası ilə işləmək istəyən tələbələr üçün bir neçə qanuni imkan mövcuddur. Bu imkanlar aşağıdakılardır:
- Kampus Daxili İşləmə (On-Campus Employment)
- Kampus Xaricində İşləmə (Off-Campus Employment)
Kampus Daxili İşləmə (On-Campus Employment). F-1 vizası sahiblərinin ən əsas işləmə imkanı kampus daxilində işlərdə işləməkdir. Bu, universitetin və ya kollecin daxilində, yaxud universitetlə əlaqəli müəssisələrdə ola bilər. Həftədə maksimum 20 saat işləmək mümkündür. Yay tətilində bu limit 40 saata qədər artırıla bilər.
Kampus daxili işlər üçün xüsusi iş icazəsi tələb olunmur və bu, beynəlxalq tələbələr üçün ən asan işləmə üsuludur, tələbələrə əlavə gəlir əldə etməyə imkan yaradır.
Kampus Xaricində İşləmə (Off-Campus Employment). Tələbələr yalnız müəyyən şərtlər daxilində kampusdan kənarda işləyə bilərlər. Bunun üçün CPT, OPT və STEM OPT kimi xüsusi proqramlar mövcuddur.
- Curricular Practical Training (CPT). CPT tələbələrin təhsil proqramı ilə əlaqəli olan praktik təcrübə və ya staj proqramlarında işləməsinə icazə verir.
- Optional Practical Training (OPT). OPT tələbənin məzuniyyətdən əvvəl və ya sonra öz ixtisası üzrə işləməsinə imkan yaradan xüsusi proqramdır.
- STEM OPT Uzatma. STEM sahəsində təhsil alan tələbələr üçün OPT müddəti əlavə 3 il uzadıla bilər.
Yadda saxlamaq lazımdır ki, F-1 vizası ilə qeyri-rəsmi (rəsmi iş icazəsi olmadan) işləmək qanunsuzdur və tələbənin deportasiya olunmasına və gələcək vizalarının ləğv edilməsinə səbəb ola bilər. ABŞ immiqrasiya qaydalarına ciddi şəkildə əməl etmək tələb olunur. Buna görə ABŞ-də işləmək üçün tələbələr Social Security Number (SSN) almalıdırlar. SSN rəsmi əmək müqavilələrinin bağlanması və vergi ödəmələri üçün tələb olunur. Qeyd edək ki, bu nömrə işləməyə başladıqdan sonra verilir.
F-1 vizası ilə Amerikada uzunmüddətli qalmaq olur?
F-1 vizası müəyyən şərtlər daxilində tələbələrə uzunmüddətli qalmaq imkanı təqdim edir. Lakin F-1 vizasının etibarlılığı təhsil müddətinə əsaslandığı üçün tələbələr vizalarının müddətinin bitməsinə yaxın müəyyən prosedurları yerinə yetirməli və statuslarını qorumaq üçün lazımi addımları atmalıdırlar.
F-1 vizası ilə ABŞ-də nə qədər qalmaq olar?
F-1 vizası tələbəyə “D/S” (Duration of Status), yəni təhsil müddəti boyunca ABŞ-də qalmaq icazəsi verir. Bu müddət tələbənin rəsmi olaraq qəbul edildiyi universitet və ya kollec proqramının bitmə tarixinə qədər etibarlıdır. Bitirdikdən sonra tələbəyə əlavə 60 günlük (Grace Period) ABŞ-də qalma icazəsi verilir. Tələbələr bu müddət ərzində ya ölkəni tərk etməli, ya da vizalarını uzatmaq üçün müraciət etməlidirlər.
F-1 vizasının statusunu necə uzatmaq olar?
Viza müddətinin uzaldılması üçün aşağıdakılardan hər hansısa biri edilməlidir:
- Təhsil müddətinin uzadılması (Program Extension)
- Yüksək təhsil mərhələsinə keçid (Change of Level)
- Optional practical training (OPT) ilə iş tapmaq
Təhsil müddətinin uzadılması (Program Extension). Əgər tələbə təhsil müddətini tamamlaya bilmirsə (məsələn, əlavə kurslara ehtiyac varsa), I-20 formasında uzatma (program extension) üçün universitetin beynəlxalq tələbələr ofisinə müraciət etməlidir. Bu proses təhsil müddəti bitməzdən ən azı 30 gün əvvəl tamamlanmalıdır. Bu halda universitet tələbənin statusunu qorumaq üçün yeni I-20 verir.
Yüksək təhsil mərhələsinə keçid (Change of Level). Tələbə bakalavr təhsilini bitirdikdən sonra magistr və ya doktorantura proqramına qəbul olunarsa, vizasını yeniləməyə ehtiyac qalmadan yeni I-20 alaraq statusunu davam etdirə bilər.
Optional Practical Training (OPT) ilə iş tapmaq. Məzun olduqdan sonra tələbələr OPT (Optional Practical Training) proqramına qoşularaq 12 aya qədər öz ixtisaslarına uyğun sahədə işləyə bilərlər. Daha əvvəldə də qeyd etdiyimiz kimi, STEM ixtisasında oxuyan tələbələr üçün isə OPT müddətinin 3 il uzadılması mümkündür.
Yeni viza almaq üçün ABŞ-dən çıxmaq lazımdırmı?
Əgər tələbə I-20 sənədini yeniləyərək təhsilini davam etdirirsə, vizasını yeniləmək üçün ABŞ-dən çıxmağa ehtiyac yoxdur. Lakin, əgər tələbə ölkədən çıxarsa və F-1 vizası bitibsə, yenidən ABŞ-ə qayıtmaq üçün yeni F-1 vizası üçün müraciət etməlidir. Qeyd edək ki, məhz Azərbaycanda F-1 vizası 1 illik verilir və hər akademik ilin sonunda viza mütləq yenilənməlidir.
Yekun olaraq qeyd edək ki, F-1 vizası ilə tələbələr təhsil müddətində və məzun olduqdan sonra ABŞ-də müəyyən şərtlərlə qalmaq hüququna malikdirlər. Statusun uzadılması üçün tələbələr yeni I-20 forması almalı, OPT və STEM OPT proqramlarından istifadə etməli və lazımi qaydalara riayət etməlidirlər. Uzunmüddətli qalmaq istəyənlər isə H-1B vizası və Green Card yollarını dəyərləndirə bilərlər.
F-1 Vizası üçün ən çox verilən suallar
Burada F-1 vizası ilə bağlı ən çox verilən suallar və bu sualların cavabları ilə tanış ola bilərsiniz.
F-1 vizası ilə ailə üzvlərim də Amerikaya gələ bilərmi?
Bəli, F-1 vizası sahiblərinin həyat yoldaşı və 21 yaşdan kiçik uşaqları F-2 vizası üçün müraciət edə bilərlər. Lakin F-2 vizası sahiblərinə işləməyə icazə verilmir və yalnız bəzi hallarda təhsil almaq hüquqları olur.
F-1 vizası almaq üçün əvvəlcədən Amerikaya səfər etməliyəmmi?
Xeyr, F-1 vizası almaq üçün əvvəlcədən Amerikada olmaq tələb olunmur. Müraciət prosesi tamamilə tələbənin doğma ölkəsindəki ABŞ səfirliyində və ya konsulluğunda həyata keçirilir.
F-1 vizası ilə başqa universitetə keçmək mümkündürmü?
Bəli, tələbələr F-1 transfer proseduru ilə başqa universitetə keçə bilərlər. Bunun üçün yeni qəbul olduqları universitet tərəfindən yeni I-20 forması verilməlidir və SEVIS sistemi vasitəsilə köçürülməlidirlər. Həmçinin F-1 vizası da yenidən düzəldilməlidi. Çünki vizanın üstündə universitetin adı qeyd olunur.
ABŞ-dən çıxdıqdan sonra F-1 vizamı yeniləmək üçün nə etməliyəm?
Əgər F-1 vizanızın müddəti bitibsə və siz ABŞ-dən çıxmısınızsa, yeni vizaya müraciət etmək üçün yenidən doğma ölkənizdəki ABŞ səfirliyinə müraciət etməlisiniz. Bunun üçün yeni DS-160 forması, SEVIS qəbzi və etibarlı I-20 forması təqdim olunmalıdır.
F-1 vizası ilə Amerikaya nə vaxt səyahət edə bilərəm?
F-1 vizası sahibləri təhsil proqramları başlamazdan ən çox 30 gün əvvəl Amerikaya daxil ola bilərlər. Daha erkən səyahət etmək üçün turist vizası (B-2) tələb olunur.
F-1 vizam rədd edilsə, yenidən müraciət edə bilərəmmi?
Bəli, vizanız rədd edildikdən sonra səbəbləri analiz edib yenidən müraciət edə bilərsiniz. Yeni müraciət zamanı əvvəlki zəif cəhətlərinizi düzəltmək və tələb olunan sənədləri tam təqdim etmək vacibdir. Həmçinin universitetə dərhal bu halı bildirmək lazımdır.