Bizi izlə:
Facebook Instagram Linkedin Tiktok
clock İş saatları:

10:00 - 18:00

phone Yardım xətti: +994 50 836-44-99

10:00 - 18:00

cover

Giriş

Amerikada təhsil sistemi çeviklik, tələbə yönümlü yanaşmalar və geniş akademik seçimlər təklif edən və dünyada ən çox seçilən sistemlərdən biridir. Bu yazımızda ABŞ-də təhsil almaq istəyən tələbələr üçün təhsil səviyyələri, kurs sistemləri, qiymətləndirmə və müraciət prosesləri kimi mövzuları ətraflı şəkildə müzakirə edəcəyik.

Amerikada Təhsil Sistemi Neçə Səviyyədən ibarətdir?

Amerikada təhsil sistemi üç əsas səviyyəyə bölünür. Ümumilikdə isə K-12 (Uşaq bağçası - 12-ci sinif) modeli əsasında qurulan sistem şagirdlərdən uşaq bağçasından tutmuş orta məktəbi bitirənə qədər xüsusi kurrikulumdan keçməyi tələb edir. Bununla belə, ştatdan-ştata dəyişə bilər və bəzi ştatlarda təhsil müddəti daha uzun ola bilər. ABŞ-də təhsil aşağıdakı səviyyələrə bölünür:

  • Amerikada ibtidai məktəb təhsili
  • Amerikada orta təhsil 
  • Amerikada universitet təhsili

Amerikada ibtidai məktəb təhsili (Primary School)

Amerikada ibtidai məktəb təhsili 1-5-ci sinifləri əhatə edir. Yaş həddi 6-11 yaşdır və əsas fənn olaraq riyaziyyat, ingilis dili, texniki və humanitar elmlər tədris edilir. 

İbtidai məktəb ABŞ-də təhsilin təməl daşlarından biridir və şagirdlərin oxu, yazmaq, məntiq və düşüncə bacarıqlarını inkişaf etdirdiyi vaxtdır. Bu səviyyədə təhsil uşaqlara əsas akademik fənlər üzrə möhkəm zəmin təmin etmək məqsədi daşıyır. Həmçinin dərslər qrup işi, layihələr və oyun əsaslı öyrənmə metodları ilə dəstəklənir. Bundan əlavə, tələbələr incəsənət, musiqi və bədən tərbiyəsi kimi dərslər vasitəsilə sosial və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Amerikada orta təhsil (Middle & High School)

Amerikada orta təhsil 6-cı sinifdən 12-ci sinifə qədər olan müddəti əhatə edir və yaş həddi 12-18 yaşdır. Lakin bu təhsil səviyyəsi özü də iki mərhələdən ibarətdir:

  • Middle school
  • High school

Middle school. Bu, 6-8-si sinifləri əhatə edir. Bu mərhələdə şagirdlər daha çox müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirir və daha geniş kurrikuluma məruz qalırlar. Əsas olaraq riyaziyyat, humanitar və sosial elmlər, ingilis dili tədris edilir. Bunlarla yanaşı seçmə dərs olaraq da informatika, incəsənət, xarici dillər və idman kimi fənnlər də tədris olunur.

High school. Birləşmiş Ştatlarda təhsilin bu mərhələsi şagirdlərə karyeralarını planlaşdırmağa və onları universitetə hazırlamağa kömək etmək üçün qurulub. Əsas dərslərə əlavə olaraq şagirdlər Advanced Placement (AP) və ya Honors Courses alaraq akademik bacarıqlarını artıra bilərlər.

Amerikada universitet təhsili

Amerikada universitet təhsili subbakalavr, bakalavr, magistr və doktorantura olmaqla 4 təhsil səviyyəsinə bölünür və yaş həddi 18 yaşdan yuxarı nəzərdə tutulub. Sözügedən dörd təhsil səviyyəsi bunlardır:

  • Community Colleges (İcma kollecləri)
  • Four-Year Colleges and Universities (4 illik universitetlər)
  • Graduate School (Magistr)
  • Doctoral Programs (Doktorantura)

Community Colleges (İcma kollecləri). Burada təhsil müddəti 2 ildir. Tələbələr adətən bakalavr proqramlarına keçmək üçün buradan başlayırlar.

Four-Year Colleges and Universities (4 illik universitetlər). Burada təhsil müddəti 4 ildir və məzun olduqda bakalavr dərəcəsi verilir. Tələbələr ikili ixtisas üzrə də təhsil ala bilərlər. 

Graduate School (Magistr). Magistr təhsilində təhsil müddəti 1-2 ildir. Bu təhsil səviyyəsini bitirdikdə MBA və MSc kimi dərəcələr verilir.

Doctoral Programs (Doktorantura). Təhsil səviyyəsinin doktorantura mərhələsində təhsil müddəti 4-7 ildir. BU təhsil akademik tədqiqat və dissertasiya işlərini əhatə edir.

ABŞ-də ali təhsil sistemi çevik kredit sisteminə əsaslandığı üçün tələbələr istədikləri vaxt şöbələri dəyişmək və ya müxtəlif sahələr üzrə dərslər almaq hüququna malikdirlər.

Amerika təhsilində qiymətləndirmə sistemi və necədir?

ABŞ-də qiymətləndirmə sistemi öyrəncilərin akademik uğurlarını qiymətləndirmək üçün hərfli qiymət sistemi və GPA (Grade Point Average) hesablanması vasitəsilə həyata keçirilir. Sözügedən sistem öyrəncilərin təhsil müddətində keçdikləri dərslərin orta qiymətlərini müəyyən edir və universitet müraciətlərində mühüm rol oynayır. Belə ki, ABŞ-də dərslərdəki uğurlara görə A-F hərfi sistemi ilə qiymətləndirilmə aparılır. Öyrəncinin aldığı hərfin xüsusi faiz ekvivalenti və GPA dəyəri var:

Hərf qiyməti  

Rəqəmlə Qarşılığı

GPA dəyəri

A

90-100

4.0

B

80-89

3.0

C

70-79

2.0

D

60-69

1.0

F

0-59

0.0 (Uğursuz)

  • A və B qiymətləri müvəffəqiyyətli akademik performansın göstəricisidir.
  • C qiyməti tələbənin keçid balı alması, lakin bəzi çatışmazlıqların olması deməkdir.
  • D qiyməti minimum keçid qiymətidir və əksər universitetlər qəbul üçün ən azı D və ya C qiymət tələb edir. Qeyd edək ki, bu, həm də tələbənin oxuduğu fakultədən asılıdır.
  • F qiyməti uğursuzluğu göstərir və öyrənci yenidən həmin dərsə hazırlaşıb uğurla keçməlidir.

Amerikada təhsil sistemi digər ölkələrdən nə ilə fərqlənir?

ABŞ-nin təhsil sistemi bir çox ölkələrdəki ənənəvi təhsil sistemlərindən öyrənci mərkəzli yanaşması, çevik tədris planı, kredit sistemi və akademik azadlığı ilə fərqlənir. K-12 modeli ilə başlayan bu sistem şagirdlərə daha çox seçim imkanı verir, onların fərdi akademik yollarını müəyyən etməyə imkan verir.

ABŞ-də təhsil almaq istəyənlər üçün bu sistemin təklif etdiyi üstünlükləri anlamaq vacibdir. Çeviklik, fərdiləşdirilmiş öyrənmə təcrübəsi və tədqiqata əsaslanan təhsil modeli Amerikanı üstünlük verilən təhsil məkanına çevirir.

Amerikada kurikulumla fərdi təlim

ABŞ təhsil sistemindəki ən böyük fərqlərdən biri sərt kurrikulumdan çox çevik kurs seçimi təklif etməsidir. Öyrəncilər məcburi olaraq əsas dərslər, əlavə olaraq isə seçmə dərslər alaraq öz akademik karyeralarını formalaşdıra bilərlər. Məsələn, mühəndislik təhsili alan tələbə psixologiya və ya incəsənət üzrə kurslar ala bilər. Biznes tələbələri proqramlaşdırma və ya xarici dil kurslarını seçə bilərlər. Bu çeviklik tələbələrə müxtəlif fənlər üzrə bilik əldə etməyə və karyera seçimlərini genişləndirməyə imkan verir.

Amerika təhsilində kredit sistemi və məzun olma tələbləri

ABŞ universitetləri digər ölkələrdən dərslərin kredit əsasında olması ilə fərqlənir. Tələbələr məzun olmaq üçün müəyyən sayda krediti tamamlamalıdırlar.

Dərəcə Növü

Ortalama müddət  

Tələb olunan kredit sayı

Subbakalavr (Associate’s Degree)

2 il

60-70 kredit

Bakalavr (Bachelor’s Degree)

4 il

120-140 kredit

Magistr (Master’s Degree)

1-2 il

30-60 kredit

Doktorantura (PhD)

3-7 il

60+ kredit

Kredit əsaslı sistem sayəsində tələbələr daha tez məzun olmaq üçün daha çox dərs ala bilirlər. Yay və bəzi universitetlərdə qış semestrləri də var. Həmçinin bəzi tələbələr daha az kredit götürərək təhsil müddətini uzada və iş imkanları yarada bilərlər.

Amerikada tədqiqatyönümlü təhsil modeli

ABŞ universitetləri öyrəncilərə kiçik yaşlarından tədqiqat aparmaq imkanı verir. Laboratoriya işlərində, layihə əsaslı öyrənmədə və akademik tədqiqatlarda iştirak xüsusilə STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahələrində təhsil alan tələbələr üçün vacibdir. Amerikada universitetlər hətta bakalavr səviyyəsində tələbələrə akademik tədqiqat imkanları təqdim edir. Dərslərdən əlavə olaraq tələbələr laboratoriya işlərinə və akademik məqsədli yazılan yazılara da dəstək verə bilərlər. Həmçinin bir çox universitetlər tələbələrə böyük şirkətlər və dövlət qurumları ilə birgə layihələrdə iştirak etmək imkanı verir. Məsələn, Harvard, MIT və Stanford kimi universitetlər tələbələrini akademik tədqiqatlarla məşğul olmağa təşviq edir, onlara ixtiralar, patentlər və akademik nəşrlər hazırlamağa kömək edir.

Amerikada dövlət və özəl məktəblər arasındakı fərqlər nələrdir?

ABŞ-nin təhsil sistemi öyrəncilərə müxtəlif tipli məktəblərdə təhsil almaq imkanı verir. Təhsil üç əsas model vasitəsilə həyata keçirilir: dövlət məktəbləri, özəl məktəblər və nizamnamə məktəbləri (Charter Schools). Hər bir məktəb növü maliyyə, təhsilin keyfiyyəti, kurrikulumun çevikliyi və qəbul tələbləri baxımından fərqlənir.

Amerikada dövlət məktəbləri

Bu məktəblər dövlət vergiləri və ya ştatların vergiləri hesabına hökumət tərəfindən maliyyələşdirilir. Burada təhsil tamamilə pulsuzdur və təhsilin keyfiyyəti bölgəyə görə dəyişir.

ABŞ-də ən çox yayılmış təhsil modeli dövlət məktəbləridir. İcbari təhsili əhatə edən K-12 sistemi əsasən dövlət məktəbləri tərəfindən idarə olunur.

Bununla belə, dövlət məktəbinin keyfiyyəti əsasən onun yerləşdiyi rayondakı vergi gəlirlərindən asılıdır. Vergi gəlirlərinin yüksək olduğu ərazilərdəki dövlət məktəbləri daha yaxşı müəllim heyəti, təkmilləşdirilmiş infrastruktur və akademik uğur göstəriciləri ilə seçilsə də, aşağı gəlirli ərazilərdə təhsilin keyfiyyəti aşağı olur.

Amerikada özəl məktəblər

Bu məktəblər şagirdlərin ödədikləri ödəniş hesabına maliyyələşdirilir. Sözügedən ödəniş isə illik $20,000 - $50,000 arasında dəyişir. Belə məktəblərdə təhsil ümumiyyətlə daha yüksək standartlara malikdir. 

Bəzi özəl məktəblər var ki, dini əsaslı təhsil də təklif edir (Katolik, Yəhudi, İslam və s.). Həmçinin burada incəsənət, idman və ya STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) üzrə tədris planlarını həyata keçirə bilər. Bu, daha intizamlı və akademik rəqabət mühiti təmin edir.

Özəl məktəblərə qəbul adətən ərizə prosesini, qəbul imtahanlarını və müsahibələri əhatə edir. Bununla belə, öyrəncinin akademik uğurlarından və ya xüsusi istedadlarından asılı olaraq təqaüd almaq şansı da var.

Amerikada nizamnamə məktəbləri (Charter Schools)

Nizamnamə məktəbləri dövlət məktəbləri kimi dövlət fondları tərəfindən dəstəklənir, lakin daha çox akademik sərbəstliyə və innovativ tədris metodlarına malikdir. Özəl təşkilatlar tərəfindən idarə olunsa da, dövlət maliyyəsi aldığı üçün tələbələrə pulsuz təhsil təklif edir.

Bu məktəblər alternativ təhsil metodları və xüsusi proqramları ilə seçilir. Məsələn:

  • STEM, incəsənət və ya sahibkarlıq kimi sahələrə diqqət yetirə bilərlər.
  • Öyrəncilər üçün fərdi təlim planları yarada bilərlər.
  • Qəbul prosesi rəqabətli ola bilər və bəzi nizamnamə məktəbləri tələbələri püşk atma ilə qəbul edir.

Bununla belə, bütün nizamnamə məktəbləri eyni keyfiyyətdə deyil. Bəziləri əla uğur nümayiş etdirsə də, bəzi hallarda digərləri zəif fəaliyyətə görə hökumət tərəfindən bağlanır.

Amerikada təhsil sistemilə bağlı tez-tez verilən suallar

Bütün bu qeyd etdiklərimizlə yanaşı Amerikadakı təhsil sistemi ilə bağlı tez-tez verilən suallar var ki, o sualları və sualların cavablarını təqdim edirik. 

Amerikada tədris ili nə vaxt başlayır və nə vaxt bitir?

Amerikada tədris ili adətən avqustun sonu və ya sentyabrın əvvəlində başlayır və mayın sonu və ya iyunun ortalarında bitir. Universitetlərdə akademik il iki semestr (Payız və Yaz) və ya üç trimestr (Payız, Yaz və Yay) şəklində təşkil edilir. Bəzi universitetlər dördə bölünən "quarter system" ilə çalışır və bu, tələbələrə daha çox dərs almaq imkanı yaradır.

Amerikada evdə təhsil (homeschooling) mümkündürmü?

Bəli, Amerikada evdə təhsil almaq qanunidir və bəzi valideynlər uşaqlarını məktəbə göndərmək əvəzinə evdə oxutmağı seçirlər. Lakin evdə təhsil qaydaları ştatdan-ştata dəyişir. Bəzi ştatlarda valideynlər müəyyən imtahanları keçməli və ya hökumət tərəfindən təsdiqlənmiş kurikulumu izləməlidirlər. Digər ştatlar isə daha sərbəst qaydalar təqdim edir.

Amerikada orta təhsil (lisey) məcburidirmi?

Bəli, Amerikada K-12 sistemi çərçivəsində orta təhsil məcburidir. Lakin təhsil almağın minimum yaşı ştatdan-ştata dəyişir. Bəzi ştatlarda öyrəncilər ən azı 16 yaşına qədər oxumağa məcburdurlar, digərlərində isə bu yaş 18-ə qədər artır.

Müraciət formu

Səyahətinizə bu gün başlayın! Formu doldurun, mütəxəssislərimizlə əlaqə saxlayın və akademik və karyera hədəflərinizə doğru ilk addımı atın.

Form background Form person

Bizimlə Əlaqə

Xaricdə təhsil ilə bağlı məsləhətə ehtiyacınız var? Peşəkar konsultantlarımız sizə kömək etməyə hazırdır! Bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Phone

Zəng edin

+994 50 836-44-99
Mail

E-mail yazın

[email protected]
Location

Ünvana gəlin

Ağ Şəhər, İlqar Mirzəyev 6, Park Place ofis mərkəzi 2-ci mərtəbə.