
Giriş
Amerikada təqaüd tapmaq beynəlxalq tələbələr üçün həm maliyyə yükünü azaltmaq, həm də akademik karyeralarını inkişaf etdirmək üçün vacib bir addımdır. Lakin bir çox tələbə təqaüd axtarışına gec başlayır, yanlış strategiyalar izləyir və uyğun seçimlərdən xəbərsiz olur. Bu yazıda indiyə qədər müzakirə etmədiyimiz fərqli məqamlar üzərində dayanacağıq və uğurlu təqaüd müraciəti atmalı olduğunuz addımlardan bəhs edəcəyik.
- Addım #1: Giriş
- Addım #2: Təqaüd Tapmaq Üçün “Açıq Mənbələri” Necə İstifadə Etməli?
- Addım #3: Uğurlu Təqaüd Müraciəti Üçün "Təqaüd CV"-si Necə Hazırlanmalıdır?
- Addım #4: Təqaüd Müraciətləri Üçün “Personal Branding” (Şəxsi Marka) Yaradın
- Addım #5: Təqaüd müraciətində təkrarlanan səhvlər hansılardır?
- Addım #6: Təqaüd qazandıqdan sonra nələrə diqqət etmək lazımdır?
- Addım #7: Amerikada Təqaüd Tapmaq: Tez-Tez Verilən Suallar
Təqaüd Tapmaq Üçün “Açıq Mənbələri” Necə İstifadə Etməli?
Çox tələbə yalnız universitetlərin təqdim etdiyi təqaüdləri araşdırır və nəticədə əlavə təqaüd imkanlarını gözdən qaçırır. Halbuki, ABŞ-də və beynəlxalq səviyyədə hökumətlər, qeyri-hökumət təşkilatları, xeyriyyə fondları və böyük şirkətlər tərəfindən maliyyələşdirilən yüzlərlə təqaüd proqramı mövcuddur. Bu mənbələri düzgün istifadə etmək təhsil xərclərinizi azaltmaq və daha çox maliyyə dəstəyi almaq üçün əsas açardır.
ABŞ Hökuməti Tərəfindən Maliyyələşdirilən Təqaüdlər
ABŞ hökuməti beynəlxalq tələbələrə maliyyə dəstəyi və təhsil imkanları təqdim edən bir neçə əsas təqaüd proqramına sahibdir.
Əsas hökumət təqaüdləri:
- Fulbright Foreign Student Program – Tam maliyyələşdirilən magistr və doktorantura proqramıdır.
- Hubert H. Humphrey Fellowship – Peşəkar inkişaf və akademik tədqiqat sahələrində təqaüd proqramıdır.
- EducationUSA Opportunity Funds Program – ABŞ-da təhsil almaq istəyən, amma müraciət prosesində maliyyə çətinlikləri yaşayan tələbələr üçün nəzərdə tutulmuş proqramdır. Qeyd edək ki, bu təqaüd proqramı yalnız magistr və doktorantura üçün keçərlidir.
Bu proqramlara müraciət etməzdən əvvəl tələb olunan sənədləri və müsahibə mərhələsini diqqətlə araşdırmaq lazımdır.
Xarici Hökumətlərin ABŞ-də Təhsil Üçün Təklif Etdiyi Təqaüdlər
Bəzi ölkələrin hökumətləri tələbələrinə ABŞ-də oxumaq üçün xüsusi təqaüd proqramları təqdim edir. Bu proqramlar ABŞ hökuməti tərəfindən deyil, xarici hökumətlərin öz vətəndaşları üçün yaratdığı xüsusi fondlar vasitəsilə maliyyələşdirilir.
Populyar xarici hökumət təqaüdləri:
- DAAD (Almaniya) – Almaniya hökuməti tərəfindən maliyyələşdirilən qlobal təqaüd proqramıdır.
- Chevening (Böyük Britaniya) – İngiltərə hökumətinin beynəlxalq tələbələr üçün magistr təqaüdü.
- Erasmus+ (Avropa İttifaqı) – Avropada və ABŞ-da mübadilə proqramları üçün maliyyələşdirmə təqdim edir.
- Türkiyə Bursları – Türkiyə hökumətinin beynəlxalq tələbələr üçün tam təqaüd proqramı.
Bu təqaüdlər adətən ABŞ-dəki müəyyən universitetlərdə keçərlidir, ona görə də əvvəlcədən uyğun universitetləri müəyyənləşdirmək vacibdir.
Qeyri-Hökumət Təşkilatları və Xeyriyyə Fondlar
Təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və xeyriyyə fondları da beynəlxalq tələbələr üçün təqaüd proqramları təqdim edir.
Əsas QHT təqaüdləri:
- AAUW International Fellowships – Beynəlxalq qadın tələbələr üçün təqaüd proqramı.
- Soros Foundation Scholarships – İnsan hüquqları və sosial elmlər sahəsində təhsil alan tələbələr üçün təqaüd proqramıdır.
- Joint Japan/World Bank Scholarship – İnkişaf etməkdə olan ölkələrdən olan tələbələr üçün tam maliyyələşdirilən magistr proqramları təqdim edir.
Bu təqaüdlərin əksəriyyəti cəmiyyətə faydalı işlər görən, sosial layihələrdə iştirak edən və liderlik qabiliyyətinə malik tələbələri dəstəkləyir.
Beynəlxalq Şirkətlərin Təqaüd Proqramları
Dünyanın ən böyük texnologiya və biznes şirkətləri öz sahələrində peşəkar inkişafı dəstəkləmək üçün təqaüdlər təklif edir.
Bəzi məşhur şirkət təqaüdləri:
- Google Women Techmakers Scholarship – Texnologiya sahəsində təhsil alan qadın tələbələr üçün maliyyə dəstəyi.
- Google Generation Scholarship - Computer Science sahəsində Amerika və Kanadada oxumaq istəyən qadınlar üçündür.
- Microsoft Tuition Scholarships – Kompüter elmləri və mühəndislik üzrə oxuyan tələbələrə təqdim edilir.
- IBM PhD Fellowship Program – Doktorantura tələbələri üçün nəzərdə tutulub.
- Coca-Cola Scholars Program – Liderlik qabiliyyətləri və akademik göstəriciləri yüksək olan tələbələrə maliyyə yardımı təqdim edir.
Şirkətlərin təqaüd proqramlarına müraciət edərkən onların tələb etdiyi ixtisas sahələrinə və şərtlərinə diqqət yetirmək lazımdır.
Tələbə Forumları və Sosial Platformalar
Təqaüdlər bəzən rəsmi saytlarda deyil, sosial media və forumlarda paylaşılır. Real tələbələrin təcrübələrindən faydalanmaq üçün aktiv platformaları izləmək vacibdir.
Təqaüd elanlarını tapmaq üçün ən yaxşı platformalar:
- LinkedIn – “Scholarships for international students in USA” axtarışı ilə real elanları tapmaq mümkündür.
- Reddit – "r/scholarships" və "r/applyingtocollege" qruplarında tələbələr real elanlar paylaşırlar.
- Facebook Təqaüd Qrupları – Qlobal və regional təqaüd elanları burda aktiv şəkildə paylaşıla bilər.
- YouTube və Bloglar – Təqaüd qazanan tələbələrin şəxsi təcrübələrini izləmək və onlardan öyrənmək üçün idealdır.
LinkedIn və Reddit kimi platformalarda aktiv olmaq tələbələrin tövsiyələrindən faydalanmaq və yeni elanları vaxtında görmək üçün əla üsuldur.
Uğurlu Təqaüd Müraciəti Üçün "Təqaüd CV"-si Necə Hazırlanmalıdır?
Təqaüdə müraciət edərkən tələbələrin çoxu adi akademik CV təqdim edir, lakin uğurlu müraciətlərdə xüsusi olaraq "Təqaüd CV"-si (Scholarship CV) hazırlanmalıdır. Bu, təqaüd komitələrinin yalnız akademik nailiyyətlərinizi deyil, həm də liderlik keyfiyyətlərinizi və cəmiyyətə töhfələrinizi görməsinə kömək edir.
Təqaüd CV-si adi CV-lərdən fərqlənir, çünki burada əsas diqqət akademik və sosial uğurlara, tədqiqatlara və təqaüdün məqsədinə uyğun gələn təcrübələrə yönəlməlidir. Təqaüd CV-sinin yaxşı hazırlanması müraciətinizin qəbul olunma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Təqaüd CV-sində aşağıdakı məlumatlar olmalıdır:
- Akademik Uğurlar və Mükafatlar
- Tədqiqat və Layihələr
- Sosial Fəaliyyətlər
- Dil Bilikləri və Əlavə Bacarıqlar
- İş təcrübəsi, yəni “Internship” böyük rol oynayır.
Akademik Uğurlar və Mükafatlar. Təhsil aldığınız universitetin və ixtisasın adını, GPA-nızı (qiymət ortalaması) qeyd edin. Həmçinin beynəlxalq və milli səviyyədə qazandığınız sertifikat və diplomları vurğulayın. Akademik müsabiqələrdə iştirak etdiyiniz və qalib gəldiyiniz halları göstərin.
Tədqiqat və Layihələr. Əgər elmi məqalələriniz, tədqiqat layihələriniz və ya dissertasiyalarınız varsa, CV-də qısa təsvirini verin. STEM sahəsində oxuyursunuzsa, apardığınız tədqiqatları, laboratoriya təcrübələrini və elmi inkişafınızı vurğulayın. Əgər sosial elmlər sahəsində təqaüd axtarırsınızsa, sosial problemləri araşdıran və cəmiyyətə təsir göstərən layihələrinizi qeyd edin. Tədqiqat işləriniz varsa, Google Scholar və ya ResearchGate profilinizin linkini CV-yə əlavə edin.
Sosial Fəaliyyətlər. Təqaüd komitələri yalnız akademik göstəricilərə deyil, həm də sosial fəaliyyətlərə xüsusi diqqət yetirirlər. Könüllülük işləri, qeyri-hökumət təşkilatlarında fəaliyyətlər, tələbə təşkilatlarına rəhbərlik etmək, sosial layihələrdə iştirak kimi fəaliyyətlərinizi qeyd edin. Əgər siz startup və ya ictimai təşkilat qurmusunuzsa, bunu xüsusi vurğulayın.
Dil Bilikləri və Əlavə Bacarıqlar. İngilis dili biliklərinizi TOEFL, IELTS və ya Duolingo English Test sertifikatınız varsa, qeyd edin. Əgər müraciət etdiyiniz proqram texnologiya və mühəndislik sahəsindədirsə, öyrəndiyiniz proqramlaşdırma dilləri və analitik bacarıqlarınızı əlavə edin. Tədqiqat metodologiyası və analitik bacarıqlar da CV-də əks olunmalıdır.
Dil biliklərinizi C1, B2 və s. şəklində deyil, konkret imtahan nəticələri ilə qeyd edin (məsələn, "TOEFL – 105/120").
Təqaüd Müraciətləri Üçün “Personal Branding” (Şəxsi Marka) Yaradın
Təqaüd üçün müraciət edən tələbələrin çoxu yalnız form doldurmaq və sənədlərini göndərməklə kifayətlənir. Lakin təqaüd verən qurumlar və universitetlər tələbələrin akademik və peşəkar fəaliyyətlərini daha yaxşı anlamaq üçün onları internet üzərindən araşdırırlar. Buna görə də "şəxsi marka" (personal branding) yaratmaq tələbənin digərlərindən seçilməsinə və daha uğurlu olmasına kömək edə bilər.
Onlayn imicinizi gücləndirmək yalnız təqaüd qazanmaq üçün deyil, həm də akademik və peşəkar karyeranızı inkişaf etdirmək üçün vacibdir.
LinkedIn və ResearchGate Profili Yaradın. LinkedIn platformasını akademik və peşəkar fəaliyyətinizi paylaşmaq, professorlarla və təqaüd komitələri ilə əlaqə qurmaq üçün istifadə edə bilərsiniz. Əgər tədqiqat və elmi məqalələriniz varsa, onları ResearchGate platformasında yayımlamaq sizi akademik çevrədə daha tanınmış edəcək. Həmçinin əgər məqalələriniz çap olunubsa, Google Scholar profilinizin olması təqaüd komitələrinin sizi tanımasına kömək edəcək.
LinkedIn və ResearchGate profillərinizdə təhsil aldığınız universiteti, nəşrlərinizi və elmi nailiyyətlərinizi düzgün şəkildə qeyd edin.
Akademik Bloq və ya Medium Məqalələri Yazın. Bloq yazmaq seçdiyiniz sahə üzrə biliklərinizi nümayiş etdirmək üçün əla üsuldur. Medium, WordPress və ya şəxsi veb-saytınızda akademik və peşəkar məqalələr yaza bilərsiniz. Təqaüd komitələri və universitetlər təqdim etdiyiniz mövzularda aktiv olduğunuzu gördükdə sizə üstünlük verəcəklər.
Konfrans və Tədqiqat Layihələrinə Qoşulun. Beynəlxalq və yerli elmi konfranslarda iştirak etmək akademik cəhətdən sizi daha güclü göstərə bilər. STEM, sosial elmlər və humanitar sahələrdə fəaliyyət göstərirsinizsə, tədqiqat işlərinizi elmi platformalarda paylaşın. Elmi konfranslarda çıxışlar, təqdimatlar və iştiraklar akademik CV-nizi zənginləşdirəcək və təqaüd qazanmaq şansınızı artıracaq. Bura bir neçə qurumu əlavə edə bilərik. Məsələn, universitetə daxil olduqdan sonra SWE (Society of Women Engineers) kimi qurumlar tədbirlər təşkil edir, təqaüdlər təklif edir.
Təqaüd müraciətində təkrarlanan səhvlər hansılardır?
Təqaüd müraciətləri zamanı bəzi səhvlər uğur şansınızı xeyli azalda bilər. Bunlardan qaçmaq üçün müraciətinizi diqqətlə planlaşdırmalısınız. Sözügedən səhvlər aşağıdakılardır:
- Eyni motivasiya məktubunu hər yerə göndərmək
- Müraciəti gecikdirmək
- Yanlış referans seçimi
- Maliyyə ehtiyacını düzgün əsaslandırmamaq
- Zəif tədqiqat planı təqdim etmək
Eyni motivasiya məktubunu hər yerə göndərmək. Hər təqaüdün fərqli məqsədi və kriteriyaları var. Hər birinə uyğun fərqli motivasiya məktubu yazaraq, niyə məhz o təqaüdə layiq olduğunuzu izah etməlisiniz.
Müraciəti gecikdirmək. Əksər təqaüdlərin son müraciət tarixi 6-12 ay əvvəldən bitir, buna görə erkən hazırlıq görmək vacibdir.
Yanlış referans seçimi. Ən yaxşı akademik referanslar sizinlə birbaşa işləyən professorlar və elmi rəhbərlərdir. Ümumi və sizi tanımayan şəxslərdən tövsiyə məktubu almaq uğursuz müraciətə səbəb ola bilər.
Maliyyə ehtiyacını düzgün əsaslandırmamaq. Təqaüd komitələri sizin niyə maliyyə dəstəyinə ehtiyacınız olduğunu və onu necə istifadə edəcəyinizi bilmək istəyir. Konkret və inandırıcı olun.
Zəif tədqiqat planı təqdim etmək. Xüsusilə STEM və sosial elmlərdə Research Proposal (Tədqiqat Təklifi) əsas şərtdir. Aydın və məqsədəuyğun plan təqdim etmək sizi digərlərindən fərqləndirəcəkdir.
Müraciətinizi başqa birinin oxuyub rəy bildirməsini istəyin və Grammarly, Hemingway Editor kimi alətlərlə düzəliş edin.
Təqaüd qazandıqdan sonra nələrə diqqət etmək lazımdır?
Təqaüd qazanmaq böyük nailiyyətdir, lakin bəzi proqramlar akademik və administrativ tələblərin yerinə yetirilməsini tələb edir. Bu qaydalara riayət edilmədikdə təqaüd ləğv oluna bilər.
Təqaüddən sonra diqqət edilməsi mühüm olan əsas şərtlər bunlardır:
GPA Tələbi: Bir çox təqaüd proqramı minimum 3.0/4.0 GPA və ya daha yüksək nəticə saxlamağı tələb edir. Aşağı akademik göstəricilər təqaüdün dayandırılmasına səbəb ola bilər.
Təqaüd Hesabatları: Təqaüd verən qurumlar sizdən hər semestr və ya ildə bir dəfə akademik və ya tədqiqat hesabatı təqdim etməyi tələb edə bilər.
İş Məhdudiyyətləri: Bəzi təqaüdlər tam zamanlı təhsil almağı tələb etdiyi üçün həftəlik maksimum iş saatlarını məhdudlaşdırır (adətən 20 saat).
Təqaüdün şərtlərini mütləq əvvəlcədən oxuyun və tələblərə uyğun hərəkət edin ki, gələcəkdə problemlə qarşılaşmayasınız.
Amerikada Təqaüd Tapmaq: Tez-Tez Verilən Suallar
Təqaüd tapmaq mürəkkəb və rəqabətli bir prosesdir. Aşağıda tələbələrin təqaüdlə bağlı tez-tez verdiyi sualları və bu sualların cavablarını tapa bilərsiniz.
Bir tələbə eyni anda bir neçə təqaüd qazana bilərmi?
Bəli, tələbə bir neçə təqaüd üçün müraciət edə bilər və müəyyən şərtlər daxilində bir neçə təqaüd ala bilər. Lakin bəzi proqramlar tələbənin başqa maliyyə dəstəyi alıb-almadığını yoxlayır və eyni anda birdən çox təqaüd almağa icazə vermir. Hər bir təqaüdün qaydalarını diqqətlə oxumaq vacibdir.
Ən az rəqabət olan təqaüdləri necə tapmaq olar?
Daha az rəqabətli təqaüdləri tapmaq üçün universitetlərin daxili maliyyə yardımlarını, kiçik fond və təşkilatların təqaüdlərini araşdırın, region və ya ixtisas üzrə məhdud sayda tələbə qəbul edən proqramlara müraciət edin. Çox adamın bilmədiyi təqaüdlər üçün universitetlərin və beynəlxalq təşkilatların saytlarını tez-tez yoxlayın. Bəzi universitetlər içindəki kollece spesifik (məsələn, mühəndislik kolleci, college of arts and sciences) təqaüdlər təklif edir. Universitetə qəbul olduqdan sonra onlara müraciət etmək mümkündür.
Əgər təqaüd qazanmasam, alternativ maliyyə dəstəyi tapa bilərəmmi?
Bəli, təqaüd qazanmasanız belə, ABŞ-də alternativ maliyyə imkanları mövcuddur. Təhsil kreditləri (student loans) vasitəsilə bəzi beynəlxalq tələbələr maliyyələşdirilə bilər. Bundan əlavə, universitetlərin təqdim etdiyi tədqiqat və müəllim köməkçiliyi (RA/TA) proqramları həm təhsil haqqını qarşılayır, həm də maaş təklif edir. Kampus daxili işlər F-1 vizalı tələbələrə işləmək imkanı verir. Həmçinin, müəyyən sahələr üzrə xüsusi qrantlar və elmi layihələr üçün maliyyə yardımları tapmaq mümkündür. RA həm də rezidansda qalıb nəzarətçilik edilməyə də deyilir. Onun üçün də maaş alır tələbələr.