
Giriş
New York dünyanın ən nüfuzlu universitetlərinə, mədəni müxtəlifliyə və limitsiz karyera imkanlarına malik olan bir şəhərdir. Burada təhsil almaq tələbələrə beynəlxalq şəbəkələşmə, yüksək keyfiyyətli akademik mühit və unikal tələbə həyatı təqdim edir. Məhz bu səbəbdən tələbələr üçün New Yorkda təhsil almağın üstünlükləri və yaşam şərtlərini bu yazıda ətraflı izah edəcəyik.
- Addım #1: Giriş
- Addım #2: New Yorkda təhsil almağın üstünlükləri nələrdir?
- Addım #3: New Yorkda tələbə həyatı necə keçir?
- Addım #4: New Yorkda təhsil almaq üçün hansı təqaüdlər var?
- Addım #5: New Yorkda təhsil almaq: Tez-Tez verilən suallar
New Yorkda təhsil almağın üstünlükləri nələrdir?
New York yalnız ABŞ-nin deyil, bütün dünyanın ən dinamik və nüfuzlu şəhərlərindən biridir. Bu şəhər akademik, mədəni və peşəkar baxımdan saysız-hesabsız imkanlar təqdim edir. Burada yerləşən universitetlər, geniş iş bazarı və müxtəlif mədəniyyətlərdən olan tələbə cəmiyyəti New Yorku beynəlxalq tələbələr üçün ən cazibədar təhsil istiqamətlərindən biri halına gətirir. Buna görə də burada təhsil almağın bir sıra üstünlükləri var. Sözügedən üstünlüklər aşağıdakılardır:
- Dünyaca məşhur universitetlər və akademik prestij
- Geniş karyera imkanları və peşəkar şəbəkə
- Beynəlxalq tələbə cəmiyyəti və multikultural mühit
- Mədəniyyət və əyləncə şəhəri
- Güclü nəqliyyat sistemi və hərəkət azadlığı
Dünyaca məşhur universitetlər və akademik prestij. New Yorkda yerləşən universitetlər dünyanın ən yaxşı təhsil ocaqları arasında yer alır. Bu şəhərdə Ivy League səviyyəsindəki universitetlərdən tutmuş, texnologiya, biznes, incəsənət və sosial elmlər üzrə ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisələrinə qədər geniş seçim imkanı var. Gəlin bu universitetlərlə qısa da olsa, tanış olaq.
- Columbia University: Dünyanın TOP 10 universitetindən biridir və Ivy League üzvüdür. Güclü hüquq, siyasət və mühəndislik proqramlarına sahibdir.
- New York University (NYU): Xüsusilə biznes, incəsənət, beynəlxalq əlaqələr və hüquq sahələrində prestijli bir universitetdir.
- City University of New York (CUNY): Daha münasib qiymətə yüksək keyfiyyətli təhsil təqdim edir və şəhərdəki iş bazarı ilə güclü əlaqələrə malikdir.
- Fordham University: Sosial elmlər, hüquq və biznes proqramlarında nüfuzlu bir universitetdir.
- The New School & Parsons School of Design: Dizayn, moda, incəsənət və kreativ sahələrdə dünyanın ən yaxşı universitetlərindən biridir.
Geniş karyera imkanları və peşəkar şəbəkə. New York dünyanın maliyyə, texnologiya, moda və media mərkəzlərindən biridir. Burada təhsil alan tələbələr karyera inkişafı üçün misilsiz şanslara sahib olurlar.
- Wall Street və maliyyə sektoru: JPMorgan, Goldman Sachs, Morgan Stanley kimi dünyanın ən böyük investisiya bankları və maliyyə institutları New Yorkda yerləşir.
- Texnologiya və startap ekosistemi: Google, Amazon, Meta və IBM kimi texnologiya nəhənglərinin ofisləri burada fəaliyyət göstərir.
- Moda və incəsənət sənayesi: Gucci, Chanel, Louis Vuitton və digər qlobal moda brendlərinin mərkəzləri burada yerləşir. Həmçinin ”Big Four” adlanan 4 məşhur “fashion week”dən biri New Yorkdadır.
- Media və əyləncə sektoru: NBC, The New York Times, Vogue və digər qlobal media şirkətləri tələbələrə təcrübə və iş imkanları təqdim edir.
New York universitetlərində təhsil alan tələbələr geniş netvörk imkanları əldə edərək istənilən sektorda güclü karyera qura bilərlər.
Beynəlxalq tələbə cəmiyyəti və multikultural mühit. New Yorkda dünyanın hər yerindən tələbələr təhsil alır, bu da şəhəri beynəlxalq tələbələr üçün ideal bir akademik mühitə çevirir. Belə ki, burada dünyanın 180+ ölkəsindən tələbələr bu şəhərdə yaşayır və təhsil alır. Həmçinin müxtəlif mədəniyyətlərə uyğun qida, tədbir və festival seçimləri mövcuddur. İngilis dilini inkişaf etdirmək və yeni dostlar qazanmaq üçün də ideal bir şəhərdir.
Mədəniyyət və əyləncə şəhəri. New York sərhədsiz mədəni və əyləncə imkanları təqdim edir. Burada həm tələbə həyatınınızı maraqlı edə, həm də akademik və şəxsi inkişafınıza töhfə verəcək yüzlərlə tədbirdə iştirak edə bilərsiniz.
Qeyd edək ki, New York Public Library kimi ictimai məkanlar pulsuz təhsil və araşdırma üçün əla imkanlar təqdim edir.
Güclü nəqliyyat sistemi və hərəkət azadlığı. New York ABŞ-də avtomobilsiz rahat yaşaya biləcəyiniz nadir şəhərlərdən biridir. Çünki burada 24/7 işləyən metro və avtobus xətləri var ki, bununla da New York metrosu şəhərin hər nöqtəsinə rahat gediş-gəliş imkanı yaradır. Həmçinin tələbələr üçün xüsusi metro kartları və nəqliyyat güzəştləri mövcuddur.
Bununla yanaşı, New York velosiped və gəzinti üçün uyğun şəhərdir. Belə ki, CitiBike kimi velosiped icarəsi xidmətləri tələbələr üçün əlverişlidir.
Ümumi olaraq qeyd edək ki, dünyanın ən nüfuzlu universitetlərindən birində oxumaq istəyirsinizsə, New York ideal seçimdir. Çünki burada karyeranızı inkişaf etdirmək və geniş əlaqələr qurmaq üçün əla imkanlar mövcuddur. Lakin New Yorkda təhsil almağın sizin üçün uyğun olub-olmadığını müəyyən etmək üçün universitetlərin proqramlarını, maliyyə yardımı və yaşayış xərclərini yaxşı araşdırın.
New Yorkda tələbə həyatı necə keçir?
New Yorkda tələbələr üçün yaşayış, nəqliyyat, qida və əyləncə xərcləri fərqli ola bilər, lakin doğru planlama ilə büdcəyə uyğun bir tələbə həyatı qurmaq mümkündür. Belə ki, New York tələbələri üçün ən böyük xərc kirayə və yaşayış xərcləridir. Şəhərdə mənzil kirayələri Manhattan, Brooklyn və Queens kimi bölgələrə görə dəyişir. Misal üçün, Manhattan və ya Brooklyn kimi mərkəzi yerlərdə kirayəsi ayda 1200$ - 2500$ arasında olan otaq tapmaq olar. Queens, Bronx və Staten Island kimi bölgələrdə isə kirayə daha ucuzdur (800$ - 1500$), lakin universitetlərə getmək üçün daha çox vaxt tələb olunur.
Universitetlərin təqdim etdiyi yataqxanalar aylıq 1000$ - 2000$ arasında dəyişir və bu, çox vaxt kirayə mənzillərdən daha sərfəlidir.
Həmçinin nəqliyyat infrastrukturu ilə tələbələr üçün rahat hərəkət edə bilirlər. Çünki 132$-a limitsiz metro və avtobus istifadəsi imkanı təqdim edən Unlimited MetroCard var ki, bu, tələbələr üçün ən sərfəli seçimdir. Bununla yanaşı CitiBike ilə illik 179$ ödəniş edərək şəhər daxilində velosipedlə sərfəli və sürətli gediş-gəliş mümkündür.
Tələbələrin qida xərclərinə gəldikdə isə deyə bilərik ki, universitetlər daxilində kampus yeməkxanaları gündəlik 7$ - 12$ arasında yemək imkanı təqdim edir. Həmçinin fast-food restoranları və küçə yeməkləri gündəlik 10$ - 15$ xərclə doymaq üçün əlverişlidir. Əgər siz şəhərdə orta səviyyəli restoranlarda nahar etmək istəsəniz, bu məbləğ bir nəfər üçün təxminən 15$ - 30$ arasında dəyişəcəkdir.
Lakin qeyd edək ki, New Yorkda tələbələr üçün ən uyğun qidalanma supermarketlərdən alış-veriş edərək evdə yemək bişirməkdir. Bununla aylıq 300$ - 500$ qida xərclərinə qənaət edə bilərsiniz.
Ümumi olaraq New Yorkda tələbələr üçün gündəlik yaşayış büdcəsini belə bölmək olar:
Xərclər |
Orta Aylıq Məsrəf |
---|---|
Kirayə və yaşayış |
1200$ - 2500$ |
Nəqliyyat (MetroCard və s.) |
132$ |
Qida və restoran xərcləri |
300$ - 600$ |
Təhsil materialları və kitablar |
50$ - 150$ |
Əyləncə və sosial həyat |
100$ - 300$ |
Ümumi aylıq xərclər |
1500$ - 3000$ |
New Yorkda təhsil almaq üçün hansı təqaüdlər var?
New Yorkda təhsil almaq istəyən beynəlxalq tələbələr üçün maliyyə dəstəyi və təqaüdlər (burslar) böyük əhəmiyyət daşıyır. Şəhərdəki universitetlər və hökumət proqramları tam və ya qismən maliyyələşdirilən burs imkanları təqdim edir, bu da tələbələrə təhsil xərclərini azaltmaq və rahat oxumaq imkanı yaradır.
Gəlin, New Yorkda magistr və bakalavr təhsili üçün ən mühüm təqaüd və maliyyə dəstəyi proqramlarının bəziləri barəsində də danışaq.
Fulbright Təqaüdü
Fulbright təqaüdü beynəlxalq tələbələr üçün ABŞ hökuməti tərəfindən maliyyələşdirilən təqaüd proqramıdır. Təqaüd təhsil haqqı, yaşayış xərcləri, sığorta və gediş-gəliş biletlərini tam ödəyir. Qəbul tələbləri isə yüksək akademik göstəricilər, güclü motivasiya məktubu və IELTS/TOEFL balıdır (90+ TOEFL, 6.5+ IELTS). Sözügedən təqaüd proqramına müraciət adətən may-avqust ayları arasında qəbul edilir.
Fulbright təqaüdü çox rəqabətlidir, buna görə erkən hazırlıq görmək və akademik göstəricilərinizi gücləndirmək vacibdir.
NYU və Columbia University Təqaüdləri
New York University (NYU) və Columbia University dünya miqyasında nüfuzlu ali məktəblər arasında yer alır və beynəlxalq tələbələrə maliyyə yardımı və təqaüd imkanları təqdim edirlər.
NYU Merit-Based Scholarships: Bu təqaüd yüksək akademik göstəricilər və liderlik keyfiyyətləri olan tələbələr üçün verilir. Maliyyə yardımı əsasən təhsil haqqını tam və ya qismən əhatə edir.
Columbia Financial Aid for International Students: Columbia Universiteti maliyyə ehtiyacı olan tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim edir. Müraciət üçün Finaid (Financial Aid) ərizəsi doldurulmalıdır.
Bu universitetlərin təqaüd imkanlarından yararlanmaq üçün müraciət edərkən güclü motivasiya məktubu və tövsiyə məktubları təqdim etmək vacibdir.
Özəl Fond və Təşkilatların Təqaüdləri
Özəl fond və təşkilatların təqaüdləri dedikdə aşağıdakılar nəzərdə tutulur:
- AAUW International Fellowships – Qadın tələbələr üçün təqaüd proqramı təqdim edir.
- Joint Japan/World Bank Graduate Scholarship – İnkişaf etməkdə olan ölkələrdən olan tələbələr üçün nəzərdə tutulub.
- Rotary Foundation Global Grant – Liderlik potensialı olan tələbələr üçün təhsil haqqı və yaşayış xərclərini maliyyələşdirir.
- P.E.O. International Peace Scholarship – Qadın magistr və doktorantura tələbələri üçün maliyyə dəstəyi təqdim edir.
Özəl fondlar və qeyri-hökumət təşkilatlarının təqaüdləri konkret sahələrə yönəlik olduğu üçün uyğun proqramları diqqətlə araşdırmaq lazımdır.
New Yorkda təhsil almaq: Tez-Tez verilən suallar
Bütün bu qeyd etdiklərimizlə yanaşı New Yorkda təhsil almaqla bağlı tez-tez verilən suallar var ki, o sualları və sualların cavablarını təqdim edirik.
New York universitetlərinə qəbul olmaq üçün hansı sənədlər lazımdır?
New York universitetlərinə müraciət edərkən əsas sənədlərə diplom və transkript, TOEFL/IELTS nəticələri, motivasiya məktubu (Statement of Purpose), tövsiyə məktubları və CV daxildir. Bəzi proqramlar SAT, ACT, GRE və ya GMAT (Master’s) imtahan nəticələrini də tələb edə bilər. Müraciət tələbləri universitetdən universitetə dəyişir.
New Yorkda tələbələr üçün hansı sağlamlıq sığortası mövcuddur?
New York universitetlərinin əksəriyyəti beynəlxalq tələbələrə kampus daxilində səhiyyə xidmətləri təqdim edir və tələbələrə məcburi tibbi sığorta tələb olunur. Universitetlər tez-tez öz sığorta planlarını təqdim edir, lakin tələbələr alternativ özəl sığorta planları ilə də qeydiyyatdan keçə bilərlər. Sığorta əsas tibbi xərcləri və fövqəladə halları əhatə edir.
New Yorkda tələbələr üçün hansı pulsuz tədbirlər var?
New Yorkda tələbələr üçün muzeylərdə pulsuz giriş günləri, mədəniyyət festivalları, konsertlər və açıq hava tədbirləri kimi bir çox pulsuz fəaliyyətlər təşkil edilir. “Central Park”da açıq hava konsertləri və yaz aylarında keçirilən film gecələri tələbələr arasında məşhurdur. Eyni zamanda universitetlərdə tez-tez pulsuz seminarlar və işgüzar tədbirlər keçirilir.
New Yorkda beynəlxalq tələbələr üçün vergi qaydaları necədir?
Beynəlxalq tələbələr ABŞ-də oxuyarkən məhdud iş icazəsi ilə gəlir əldə edirlərsə, müəyyən vergi öhdəlikləri yaranır. F-1 vizası ilə oxuyan tələbələr kampus daxilində və ya OPT/CPT proqramları vasitəsilə işlədikdə vergi ödəməlidirlər. Hər ilin aprel ayında vergi bəyannaməsi təqdim etmək tələb olunur. Universitetlər adətən tələbələr üçün vergi bəyannaməsi üzrə seminarlar keçirirlər.
Tələbələr üçün New Yorkda ən münasib alış-veriş yerləri haradadır?
New Yorkda tələbələr üçün münasib qiymətli alış-veriş mərkəzləri və bazarlar mövcuddur. Century 21, TJ Maxx və Target tələbələr üçün sərfəli variantlar təqdim edir. Tələbələr həmçinin ikinci əl mağazalarından (Goodwill, Buffalo Exchange) alış-veriş edə bilərlər. “Farmer’s Market”lər isə təzə ərzaq almaq üçün ideal yerdir. Lakin adətən daha baha olurlar.
Tələbələr üçün New Yorkda təhlükəsizlik necə təmin edilir?
New Yorkda universitet kampusları yüksək təhlükəsizlik standartlarına malikdir və 24/7 mühafizə xidməti ilə təchiz olunub. Şəhərdə tələbələr üçün nəzərdə tutulmuş təhlükəsizlik qaydaları və təlimlər mövcuddur. Kampus daxilində fövqəladə hallarda istifadə üçün təhlükəsizlik tətbiqləri və kömək xidmətləri fəaliyyət göstərir. Eyni zamanda tələbələr “SafeWalk” proqramlarından da yararlana bilərlər.
New York universitetlərində tələbələr üçün hansı əlavə kurslar və sertifikat proqramları mövcuddur?
New York universitetləri tələbələrə əsas proqramlarından əlavə müxtəlif sertifikat proqramları təqdim edir. Bu proqramlar əsasən biznes, proqramlaşdırma, data analitikası, dizayn və xarici dillər sahəsindədir. Coursera və edX kimi platformalar vasitəsilə tələbələr daha çox onlayn kurslara da qoşula bilərlər.